четверг, 30 августа 2018 г.

Dostları polemikaya dəvət edirəm!

Güney türklərinin hüquqları demokratik cəmiyyətdən keçirmi?  
3 Avqust 2018 23:51

İran coğrafiyası qaynama nöqtəsinə yaxınlaşmaqdadır. Bu coğrafiyadakı xalqların həmin qazandan alacaqları nəsib o qazanda necə qaynamalarına çox bağlıdır. Azərbaycan türkləri İran tarixinin müxtəlif dövrlərində baş vermiş qaynamaların tam mərkəzində dayanmış və nəticədə çoxmilyonlu bir xalq olsa da nəsibini almamış, əksinə köləliyə, tapdanmağa məhkum olunmuşdur. Zənnimizcə, İranda baş vermiş son etiraz aksiyalarında da Azərbaycan türklərinin nisbi passivlik nümayişinin bir səbəbi də həmin tarixi təcrübədən qaynaqlanan qorxudan doğur.
Haşiyə əvəzi tarixi ekskurs. 1905-11 ci il “Məşrutə hərəkatı” adlanan və İran tarixiində bu gün də qızıl hərflərlə yazılan inqilab Azərbaycan türkləri ilə bağlıdır ki, həmin inqilabi prosesin başında təbrizli Səttərxan dayanırdı.
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Azərbaycanın güneyi rus qoşunlarının işğalı altında idi. Dünyanı sarsıdan Fevral inqilabından sonra İranda da canlanma yarandı və 1917-ci il mayın 1-dən Təbrizdə mitinq və nümayişlər keçirilməyə başlamışdı.
1920-ci il aprelin 7-də isə Təbrizdə üsyan başlandı və qalib gəldi. Şeyx Məhəmməd Xiyabaninin başında olduğu üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara malik Milli Hökumət yaratdı. Azadistan Respublikası elan olundu. Tehranda Böyük Britaniya nümayəndəliyinin dəstəyi ilə sentyabrın 11-də Təbrizə qəfıl hücum təşkil edildi və 4 günlük mübarizədən sonra azad respublika ingilis-fars ittifaqı tərəfindən devrildi.
İkinci dünya müharibəsi Böyük Britaniya silahlı qüvvələri ilə Sovetlər Birliyi hərbi hissələrinin İran ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə Rza şah istibdad rejiminin süqutu ilə nəticələndi. Xarici müdaxilə və Şah rejiminin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Proses müxtəlif bölgələrdə fərqli formalarda təzahür etdi. Güney Azərbaycanda isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Milli Hökumət imperialist qüvvələrin sazişi nəticəsində çox az yaşadı.
1979-cu il il İran İslam İnqilabından bəhs edilərkən bir çox tarixçilər əslində inqilabın Təbruzdən başlanıldığını görməzdən gəlirlər. Həmin il fevralın 18-də (29 bəhməndə) Təbrizdə Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin çağırışı ilə əhali üsyana qalxdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də davam etdi.
Yenə həmin xalq- islam inqilabı tərəfindən milli huquqlarının təmin ediləcəyi vədi ilə aldadılan və İran İslam inqilabının əsas iştirakçısı olan Azərbaycan türkləri bu gün də mübarizə aparır. Yüzlərlə mübariz insanı zindanlarda işgəncələrə məruz qalır, öldürülür, ölkədən qovulur və bu mübarizə yenə də Qərbi qane etmir. Çünki dinc mübarizə Qərbin maraqlarına cavab vermir. Qərbə qan tökülməsi, qanla müşayiət olunan qalibiyyət lazımdır ki, bu cinayətin üzərindən öz maraqları üçün istifadə etsin. Lakin tarixi təcrübə göstərir ki, bizim qanımız Qərb üçün öz maraqlarını təmin etmək üçün müvəqqəti istifadədən ötrü lazımdır. Nəticədə Azərbaycan türkü adlı kimlik onların vecinə də deyil.
Keçilən acı tarixi təcrübə, yəni Qərbin namərdliyi İran coğrafiyasındakı azərbaycanlılarda inamsızlıq yaradıb. Lakin hesab edirəm ki, İİR ərazisindəki türklər məyus olmamalıdır. İndiki durum nisbətən fərqlidir. Hazırda planlaşdırılan dəyişiklik nəticəsində İrandakı türklərə müsətqillik, birləşmə, hətta mədəni muxtariyyət vəd edilməsə belə, demokratik bir cəmiyyətin qurulması bəs edir. Çünki demokratik cəmiyyətlərdə mübarizə daha asan olur. Ona görə də hesab edirəm ki, yaxın hədəfimiz İran coğrafiyasında demokratiyanın bərqərar olmasıdır. Güneyli soydaşlarımız İrandakı son etiraz aksiyalarına dəstək verməli və demokratik rejim uğrunda mübarizə aparmalıdırlar.

“İran hakimiyyəti Güney Türkmənistan kəndlərinin adlarını xəritələrdən çıxarır” – Danyal Babayani

“Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur”
Danyal Babayani İran fars işğalçı rejiminin zülmündən qurtulmaq üçün qardaş Türkiyəyə sığınmış gənc Güney Türkmənistanlı türkmən aktivistidir. 
İran işğalında olan Güney Türkmənistan ya el dili ilə Güney Türkmənsəhra, Güney Azərbaycanla yaxın və eyni taleyi paylaşmaqdadır. Fars işğalçı rejimi Güney Türkmənistan türkmənlərin kompakt yaşadıqları Türkmənsəhra bölgəsindəki Günbed-e Kavuus şəhərindəndir. Atası Behnam Babayani şair olduğu üçün uşaqlığından şeirə meyl edib. 15 yaşından şeirlər yazmağa başlayıb. Lisedə oxuyarkən türkmənlərin tarixi və mədəniyyətinə dair araşdırmalar aparıb, yazılar yazırmış. 2009-ci ildən etibarən yazılarını facebook və digər sosial şəbəkələrdə paylaşmağa başlayır. Artıq 17 yaşlı gənc Danyal sosial şəbəkələrdə bir neçə türkmən səhifəsinin idarəçisi idi. Onun bu fəallığı ETTELAAT-ın diqqətindən kənarda qalmır. 18 yaşında ETTELAAT-ın Gülüstan şöbəsi tərəfindən həbs olunur. Həbsi barədə ailəsinə və yaxınlarına məlumat verilmir, başqa sözlə desək, oğurlanır. Araşdırmaları və yazdıqları İran hakimiyyəti əleyhinə təbliğat kimi qiymətləndirilir: “Araşdırmalarımın və yazdıqlarımın İrana qarşı propaqanda olduğunu söylədilər. Ali dini lideri, ulu lideri təhqir etməkdə suçlu bilib 23 aylıq həbs cəzası verdilər”.
Həbsdən sonra İran kəşfiyyat idarəsi ona əməkdaşlıq təklif edib: “Bu iyrənc təklifi rədd etdim. Sonra BMT-nin Türkiyədəki nümayəndəliyinə müraciət edərək beynəlxalq qoruma istədim. İndi müvəqqəti olaraq Türkiyədə yaşayıram”.
Danyal bəy fəaliyyətini Türkiyədə davam etdirir. TUHRA (Turkmen Human Rights Activists) adlı insan haqları təşkilatı qurub və bu quruma rəhbərlik edir. “Təəssüf ki, İran türkmənlərini müdafiə edəcək insan haqları qurumu yox idi” deyən gənc müsahibimiz soydaşlarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Məqsədi İran türkmənlərinin normal vətəndaş hüquqlarını əldə etməsidir:
“Əslində çox böyük iddiamız, istəyimiz də yoxdur. İran türkmənləri çox təvazökardırlar. İrandakı türkmənlərin ilk istəyi hökumətin onları normal vətəndaş kimi qəbul etməsidir. Normal vətəndaş kimi məzhəb ayrı-seçkiliyinə məruz qalmamaq, öz ana dilimizdə məktəb və universitet oxumaq, Pəhləvilər dövründə türkmənlərdən alınmış dədə-baba torpaqlarımızın geri qaytarılmasını istəyirik. Təəssüf ki, Pəhləvilərin antitürk, antitürkmən politikası İran islam Respublikası zamanında da davam etdirilir. Türkmən fəallarının istəyi yaşadıqları bölgənin, ərazilərin idarəçiliyində iştirak etməkdir. Türkmənlər yaşayan bölgələrdə, şəhər və kəndlərdə türkmənləri tanımayan, onların adət-ənənələrinə, psixologiyasına bələd olmayan adamlar göndərilir. Belə idarəçilər türkmənlərin problemlərini anlayıb həll etməkdə çətinlik çəkirlər.
– Pəhləvilərin türkmənlərə qarşı siyasətinin indi də davam etdiyini söyləyirsiniz.
– Bəli. 1980-ci illərdə- İslam Cumhuriyyətinin qurulduğu ilk illərdə türkmənlər sıx yaşadıqları bölgələrdə özünüidarə hüququ istədilər. Zatən, Xomeyni də inqilab zamanı etnik azlıqların bütün hüquqlarının təmin olunacağını vəd etmişdi. İran hakimiyyəti türkmənlərin bu istəyinə qarşı çıxdığı azmış kimi, 150 türkmən aktivisti edam edərək türkmənlərə göz dağı vermək istədi. Xeyli türkmən yeni İran hökumətinin cəzalarından yaxa qurtarmaq üçün mühacirətə getmək zorunda qaldı. İran dövləti hər zaman qeyri-farslara, özəlliklə türk əsillilərə, o cümlədən türkmənlərə qarşı basqı siyasəti yürüdür. Sünni olduğumuz üçün də bizə qarşı məzhəb ayrı-seçkliyi siyasəti yürüdülür. Bir neçə həftə öncə altı türkmən aktivisti ETTELAAT-a çağrılaraq onlardan fəliyətlərinin dayandırılması tələb olunub. Əks təqdirdə, həbs olunacaqları ilə hədələniblər.
– İran türkmənlərinin yaşadıqları bölgələrdə iqtisadi durum necədir? Başqa bölgələrdən fərqlidirmi?
– Türkmənlər Gülüstan ve Quzey Xorasan bölgəsində, yəni İranın quzey-doğusunda yaşayırlar ki, bildiyiniz kimi, bu region Türkmənsəhra olaraq tanınır. Türkmənsəhra Türkmənistan Cumhuriyyəti ilə həmsərhəddir. Bildiyiniz kimi, tarixi, mədəniyyəti, daşıdıqları dəyərlər eyni. 
Xəzər gölü ətrafında yaşayan türkmənlər əsasən balıqçıdırlar. Dolanışıqlarını dənizdən çıxarırlar. Torpaqlar əkinə yararlı deyil. Balıqçılıqdan başqa dolanışıq yerləri yoxdur. Lakin hökumətin məmurları onların yeganə çörək yerlərini kəsməkdə israrlıdır. Yüzlərlə balıqçı türkmən hökumət məmurları tərəfindən həbs olunub, yaralanıb, hətta öldürülüb. 100-dən çox uşaq atasız qalıb. Başqa dolanışıq yeri olmayan türkmənlər də həmin bölgələri tərk etmək zorunda qalırlar. Beləliklə, türkmən kəndləri tədricən boşalır. Hökumətin də məqsədi buna nail olmaq, qaz ehtiyatları ilə zəngin olan bölgəni türklərdən təmizləmək, ümumiyyətlə, bütün İranda türklərin assimilyasiya edilməsidir.
– Yəni məqsədyönlü siyasət yürüdüldüyünü iddia edirsiniz.
– Əlbəttə. Pəhləvilər zamanında əsası qoyulmuş farslarşdırma siyasəti bu gün də davam etdirilir. Pəhləvi dövründə türkmənlərin qovulduğu, əllərindən alındığı ərazilər sistanilərə satılır, bağışlanılır. Lakin bu torpaqların türkmənlərə satılması yasaqdır. Son illər türkmənlərə məxsus torpaqlarda sistanilərin yaşadıqları 500 kəndi rəsmiləşdirmək üçün kod adları verildi, lakin bir türkmən kəndinə belə, kod verilmədi. Türkmən kənd adları farslaşdırılır. Türkmənlərin yaşadıqları kəndlərin adları xəritələrdən çıxarılır. Mən sizə basqıların çox az bir qismini anladıram.
– Hazırda İrandakı türklmənlərin mübarizəsinə rəhbərlik edən bir təşkilat, ya lider varmı?
– Əslində İran türkmənləri, yaxud Türkmənsəhra əhalisi nə yazıq ki, Türkiyə və Azərbaycan cümhuriyyətindəki soydaşlarımız tərəfindən çox da tanınmır. Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur. İran hökumətinin basqı və təpkiləri üzündən orada təşkilat yaratmaq mümkünsüzdür. Türkmənləri kimsə tanımadığı ve ismini belə eşitmədikləri üçün mübarizələrini təkbaşına, heç bir yerdən dəstək almadan öz milli güc və iradələri ilə çətin şərtlərə baxmayaraq İran hökumətindən milli və insani haqlarını tələb etmişlər və edirlər. Türkmənlərin 1980-ci il olaylarından sonra heç bir təşkilatı olmayıb. Yalnız keçən illərdə gənc türkmən aktivistlərin sayəsində insan haqları təşkilatları və xəbər agentliyi quruldu. Onlardan biri də yuxarıda qeyd etdiyim kimi, TUHRA-dır ki, məqsədi İranda türkmənlərə qarşı hər cür dini bə etnik ayrı-seçkiliyi ortadan qaldırma ve hökumətin onların haqlarını tanımasına nail olmaqdır. Təşkilatımız Türkmənsəhra bölgəsində insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazırlayaraq BMT-yə təqdim edir. Həbs olunan, ya da ədaləstsiz şəkildə ittiham olunan türkmən varsa, onun hüquqlarının müdafiəsi üçün imzatoplama kampaniyası aparırıq. Tuhra.org bizim xəbər saytımızdır. Biz bu sitede İran hökumətinin türkmənlərə qarşı həyata keçirdiyi sistematik basqıları paylaşır, bu sayt sayəsində yurd dışındaki soydaşlarımız Türkmənsəhra ilə bağlı son olaylar barədə bilgi ala bilirlər.

Müsahibəni Azər Sarıoğlu hazırlayıb

İŞİD terrorundan İran mühafizəkarları qazandı -AZƏR SARIOĞLU


 7-06-2017, 22:10
 İŞİD terrorundan İran mühafizəkarları qazandı -AZƏR SARIOĞLU
Lakin bu, gələcək itkilərin anonsu idi

İran parlamentində və imam Xomeyni türbəsində törədilən terror aksiyası ilə bağlı ilk ağlıma gələn iki ehtimal oldu:

1. Terror İran hakimiyyətinin mühafizəkar qolu tərəfindən cəmiyyətə nəzarəti gücləndirmək üçün törədilib.

2. PKK-nın İran cinahı PEJAK tərəfindən reallaşdırılıb.

Lakin terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürəndən hər iki ehtimal öz hökmünü itirdi. Bununla belə, bütün hallarda baş vermiş hadisə İİR hakimiyyətinin son seçkilərdən məğlubiyyətlə çıxmış mühafizəkar cinahının mövqelərini və cəmiyyətə nəzarəti gücləndirmək imkanlarını artıracaq. İran türk və kürd hərəkatlarının, ərəb və bəlucların artmaqda olan fəallığının qarşısını almaq üçün İran islam hakimiyyətinin mühafizəkar və islahatçı qanadları arasında ciddi fikir ayrılıqları hökm sürür. İnqilab Keşikçiləri Korpusuna söykənən dini mühafizəkar tərəf etirazların hərbi güc metodu ilə önləməyin tərəfdarıdırsa, islahatçı kəsim isə xırda güzəştlər - “islahat” simulyasiyaları ilə önləməyi düzgün hesab edir. Son aylar İran məclisində türk fraksiyasının yaradılmasına razılıq verilməsi, prezident Ruhaninin milli və etnik azlıqlar üzrə müşaviri Əli Yunisinin məktəblərdə milli azlıqların ana dilində təhsil ala biləcəkləri barədə açıqlamaları da sonuncu qrupun taktiki manevrlərinin tərkib hissəsi sayıla bilər.
Terror aktını İŞİD törədibsə, bu hadisə yeni adı çəkilən dini terror qruplaşmasının arxasında duran güclərin İranın terror əyləmlərinə hazırlığını yoxlamaq üçün kəşfiyyat gedişi də ola bilər ki, qonşu dövlətin bu yoxlamadan “zəif” qiymət aldığını söyləmək olar.
Terror hadisənin məhz parlamentdə və İran islam İnqilabının banisi olan imam Xomeyninin məqbərəsində baş verməsi isə əslində İrana verilmiş mesaj idi: Artıq terror əvvəllər olduğu kimi İranın əyalətlərində deyil, islam-şiə respublikasının mərkəzində, özü də dövlətin və cəmiyyətin müqəddəs və ideoloji istinadgahında və qanunverici orqanında baş verir.
Terrorun ABŞ prezidentinin bölgədəki müttəfiqlərini ziyarət edərək İranın əsas düşmənlərindən biri olan Səudiyyə Ərəbistanına 11 milyard dollarlıq silah satılmasına dair anlaşmanın əldə olunmasından və Qətər ətrafında baş verən son hadisələrdən sonra reallaşması da diqqətçəkicidir. Hələ ki, güclü olan İranın zəiflədilməsi üçün ABŞ çoxistiqamətli gedişlər edir. Bir tərəfdən İranı Suriyada, qismən Yəməndə ərəb dövlətlərindən yaratdığı ittifaqla müharibəyə çəkir, digər tərəfdən İranın tərəfdaşı Qətəri cəzalandırır və beləliklə, İran ətrafındakı dairəni daraltmağa çalışır. İİR-in münaqişələrə cəlb edilməsi əvvəlki illərdə zəifləməkdə olan iqtisadiyyatının çöküşünü sürətləndirə bilər.
Haşiyə çıxaraq İran islam inqilabı ərəfəsində baş vermiş bir hadisəni diqqətə çatdırmağı uyğun bilirəm. 1979-ci ildə İranda islam hərəkatının tüğyan etdiyi bir zamanda Ağ Ev departamentinin İran üzrə mütəxəssislərinə tapşırılır ki, prezident C. Niksona təqdim olunmaq üçün şah İranındakı son durum barədə ətraflı hesabat hazırlasınlar. Xatırladım ki, o zaman ki, şah İranı ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri idi və Ağ Ev administrasiyası İranda baş verən hadisələrdən ciddi narahatlıq keçirir və baş verənlərin mahiyyətini bilərək uyğun addımlar atmaq barədə ciddi müzakirələr aparırdı. Həmin hesabatı hazırlayan Morqan soyadlı gənc mütəxəssis qeyd edir ki, Şah İran büdcəsinin 80 faizini silahlanmaya xərcləyir və bu gedişlə iqtisadiyyat çökə, yaranmış inqilabi şərait dərinləşə bilər və bu da prosesləri qarşısıalınmaz edə və Orta Şərqdəki neftlə zəngin müttəfiqin itirilməsi ilə nəticələnə bilər. O zaman prezident C. Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bzejinski həmin hesabatı rədd edir və gənc mütəxəssisin dəyərləndirmələri ilə razılaşmır. Və bir neçə aydan sonra İranda inqilab baş verir. Bzejinski isə səhvini başa düşəndə artıq çox gec idi və böyük strateqin ozamankı səhvi həm ABŞ, həm də region üçün bu gün də ciddi təhlükə mənbəyi olaraq qalır.
Haşiyədən öncəki fikrimi davam etdirərək nəzərə çatdırım ki, ABŞ-ın İranı irimiqyaslı regional müharibəyə çəkməsi də əvvəlki illərdə müqayisədə zəifləməkdə olan iqtisadiyyatının, zəncirvari olaraq cəmiyyətin digər sahələrində də böhranla nəticələnə bilər. Belə ki, onsuz da dini diktaturadan əziyyət çəkən cəmiyyət iqtisadi böhranla bağlı heç şübhəsiz ki, etirazlar başlanacaq. İran hakimiyyətinin milli və etnik siyasətindən narazı qalan qeyri-farsların hərəkatlarını da nəzərə alsaq, İran İslam dövlətinin düşəcəyi durumu təsəvvür etmək çətin olmaz. İranın qərbindən silahlı etnik kürdlərin, cənub-şərqindən isə silahlı bəlucların müqavimət hərəkatını, xüsusən də Güney Azərbaycan türklərini milli hərəkatını da etiraz aksiyaları fonunda daha da canlanacağını da nəzərə alaq. Son dövr fəallaşan etnik ərəbləri də diqqətdən qaçırmamaq lazımdır. İran İslam dövlətinə ciddi müxalifət hərəkatı sayılan və xaricdə faəliyyət göstərən Mocaheddin-e Xəlq kimi təşkilatların da mübarizələrini gücləndirəcəyi də şübhəsizdir. Son terror olayı da göstərdi ki, İranın başına yeni bəla gəlir və hələ görəcək günləri qabaqdadır. (Yeri gəlmişkən, həmin terror aktı baş verən zaman paytaxtda daha bir neçə terror təşkilatının zərərsizləşdirildiyi barədə rəsmi məlumat yayılıb.)
Ancaq qeyd edim ki, bütün bu proqnozların çox yaxında reallaşacağını düşünmürəm. İran İslam Respublikası hələ ki, güclüdür və ehtimallarımın gerçəkləşəcəyini şərtləndirən amillər tam mövcud deyil və yaxşı ki, elədir. Çünki millət olaraq baş verəcək qarşılıqlara adekvat cavab vermək üçün tam hazır deyilik. Milli hərəkatlar o zaman uğur qazanır və məqsədlərinə nail olur ki, onun önündə güclü avanqard təşkilat və əksəriyyətin inandığı və dəstəklədiyi xarizmatik lider olur. Şimali Azərbaycandakı milli azadlıq hərəkatının dərslərini unutmayaq. SSRİ məkanında 1980-ci illərin sonlarında başlayan etiraz dalğaları bizi qəfil yaxaladı. O zaman nə güclü vahid təşkilatımız, nə liderimiz var idi. Ermənilərin isə həm xaricdə, həm də daxildə ciddi xarici və daxili dəstəyə malik, böyük maliyyə qaynaqları olan təşkilatı var idi. Ona görə də milli hərəkatların qarşısını almaq üçün SSRİ xüsusi xidmətlərinin yaratdığı etnik qarşıdurmada ermənilərə uduzduq, hərəkatın nailiyyəti zəif, torpaqlarını itirmiş dövlət olduq. İranda da təxminən eyni vəziyyətdir. ETTELAAT milli və etnik hərəkatların qarşısını almaq üçün şübhəsiz ki, xalqlar arasında münaqişə ocağı yaradacaq və bu mübarizədən isə bizim alacağımız zərbələr çox sarsıdıcı ola bilər. İtkilərimiz qazancımızdan çox olar. Yaxud da yaxın keçmişimizdə olduğu kimi, qazancımız ancaq tarix kitablarına inqilabçı xalq kimi düşməyimiz olar.

Azər Sarıoğlu: Azərbaycan Respublikasında güney hərəkatına diqqət keçmişdəki qədər deyil

https://www.amerikaninsesi.org/a/azer-sarioglu/4013563.html


Azər Sarıoğlu: "Azərbaycan Respublikasında güney hərəkatına diqqət keçmişdəki qədər deyil" [Audio-Müsahibə]

Sentyabr 07, 2017


Azər Sarıoğlu ölkə xaricində fəaliyyət göstərən güney təşkilatlarının beynəlxalq qurumlar və böyük dövlətlər ilə əlaqə qurmaqda uğurlu olmadıqlarını hesab edir. Amerikanın Səsinə danışan jurnalist İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların fəaliyyətləri haqqında öz düşüncələrini paylaşıb.

Azər Sarıoğlunun fikrincə, Azərbaycan Respublikasında güneydə baş verənlər ilə maraqlanan insanlar üçün milli hərəkatın vəziyyətinə dair dəqiq informasiya əldə etmək asan deyil.

Güney Azərbaycanda hərəkatın önündə gedəcək, əksəriyyəti birləşdirəcək ə inamını qazanacaq vahid və güclü bir təşkilat və lider yoxdur.

“Güney Azərbaycanla bağlı tam dəqiq diaqnoz qoymaq çətindir. Çünki, rejim orada informasiya blokası tətbiq edir... Müəyyən informasiyalar alırıq və bunlara görə, az da olsa, bizdə bu qənaət yaranır ki, bizim orada hərəkatımız var. Amma, hərəkatın səviyyəsinə dair bizdə dəqiq məlumat yoxdur. Buna görə, İran coğrafiyasındakı türklərin mübazirəsi ilə bağlı dəqiq məlumatımızın olduğuna əmin deyiləm," o bildirir.

O, güneydə milli hüquqlar uğrunda mübarizə aparanlarln olduğunu lakin hələ də bu hərəkatın önündə gedəcək, əksəriyyəti birləşdirəcək ə əksəriyyətin inamını qazanacaq vahid və güclü bir təşkilat və lider olmadığını öncə çəkir.

"Ayrı-ayrı çox mübariz insanlarımız, ziyalılarımız və savadlı liderlərimiz var. Amma, əksəriyyəti birləşdirə bilən biri hələ ki yoxdur,” o,deyir.

Jurnalist xaricdə fəaliyyət göstərən güney təşkilatların əsas fəaliyyətinin daxildəki hərəkata informasiya dəstəyi verməkdən ibarət olduğunu önə çəkir.

“Ayrı-ayrı təşkilatlar var. Əllərindən gələni edirlər. Amma, əsas fəaliyyətləri informasiya dəstəyi vermək və ayrı-ayrı yerlərdə toplaşıb problemlərlə bağlı müzakirə aparmaqdır. Mən hesab edirəm ki, bu fəaliyyət qənaətbəxş deyil,” deyə Azər Sarıoğlu dilə gətirir.

Ayrı-ayrı təşkilatlar var. Əllərindən gələni edirlər. Amma, əsas fəaliyyətləri informasiya dəstəyi vermək və ayrı-ayrı yerlərdə toplaşıb problemlərlə bağlı müzakirə aparmaqdır.
Azər Sarıoğlu
Onun sözlərinə görə, “güneyin səsi sadəcə Azərbaycan Respublikasına deyil dünya ictimaiyyətinə də çatdırılmalıdır. Hazırda, bu sahədəki təmaslar zəifdir...[Güney təşkilatlarının] beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqə qurmaq və onların dəstəyini almaq istiqamətində fəaliyyət göstərməsi daha doğru olardı. Mənə görə, güneydəki hərəkata da ən böyük dəstək bu şəkildə olardı. Quzey Azərbaycanda fəaliyyət göstərilsin amma qərbdə fəaliyyətin artırılması lazimdir.”

Azər Sarıoğlu həmçinin Azərbaycan Respublikasında güney hərəkatına diqqətin Bütöv Azərbaycan Birliyinin fəaliyyət göstərdiyi dönəmlərə görə daha az olduğunu qeyd edir.